Yaponiyadakı Azərbaycan səfirliyi Tokioda təşkil olunan “Meguro” beynəlxalq dostluq festivalında iştirak edərək ölkəmizin zəngin mədəni irsini geniş auditoriyaya təqdim edib.
Diplomatik nümayəndəliyin məlumatına görə, festivalın əsas məqsədi mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, müxtəlif xalqların ənənələrini tanıtmaq və ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirməkdir.
Tədbirdə Yaponiyada akkreditə olunmuş səfirliklərin nümayəndələri, eləcə də yerli təşkilat və şirkətlərin əməkdaşları iştirak ediblər. Azərbaycanın stendi ziyarətçilərin xüsusi marağına səbəb olub.
Stenddə milli geyimlər, əl işləri və dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib. Bu ekspozisiya vasitəsilə qonaqlar Azərbaycanın tarixi, ənənəvi sənətkarlıq sahələri və milli estetikası ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.
