Ümumi məlumat
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.
Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib.[3] Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib.[4] Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib.