28 oktyabr – 8 noyabr 2026-cı il tarixlərində Bakıda teatr, rəqs, musiqi, kino və təhsil proqramlarını bir araya gətirən böyük beynəlxalq Baku International Arts Festival (BIAF) keçiriləcək.
Festivalın əsas hadisələrindən biri əfsanəvi rejissor Lev Dodinin quruluşunda təqdim olunacaq “Qağayı” tamaşası olacaq. Sankt-Peterburqun Kiçik Dram Teatrı — Avropa Teatrının bu tamaşası 29 və 30 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş etdiriləcək. Tamaşada tanınmış aktyorlar, o cümlədən Yelizaveta Boyarskaya iştirak edir.
1 və 2 noyabr tarixlərində tamaşaçılar Təl-Əvivin “Geşer” teatrının Dmitri Krımovun quruluşunda hazırladığı “Bloody Mary” tamaşasının premyerasını izləyəcəklər. Bu, “Mariya Stüart” əsərinin klassik səhnələşdirilməsi deyil, məşhur süjetin müasir və qeyri-adi yozumudur.
Festivalın daha bir diqqətçəkən tədbiri 5 və 6 noyabrda keçiriləcək müasir xoreoqrafiya axşamı olacaq. Dünyaca məşhur xoreoqraf Şahar Binyamini özünün New Earth və Bolero X əsərlərini təqdim edəcək. Layihədə xoreoqrafın şəxsən seçəcəyi gənc azərbaycanlı rəqqaslar da iştirak edəcəklər.
Festival Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək. Proqrama müxtəlif ölkələrdən sənətçilərin və kollektivlərin iştirakı ilə 20-dən çox tədbir daxildir.
Ətraflı proqram və biletlər festivalın rəsmi saytında təqdim olunacaq: biaf.az.