Azərbaycan millisi Bratislavada (Slovakiya) keçirilən U-20 dünya çempionatında qazandığı medalların sayını beşə çatdırıb.
Yarışın dördüncü günündə Azərbaycanın yunan-Roma güləşində iki təmsilçisi medal uğrunda mübarizə aparıb.
60 kq çəki dərəcəsində çıxış edən Ayxan Cavadov final görüşündə qələbə qazanaraq qızıl medala sahib olub. Bununla da güləşçimiz ardıcıl ikinci il U-20 dünya çempionu titulunu qazanıb.
82 kq çəki dərəcəsində mübarizə aparan Elmin Əliyev isə üçüncü yer uğrunda görüşdə qalib gələrək Azərbaycan millisinin aktivinə bürünc medal yazdırıb.
Qadın güləşində Zəhra Kərimzadə (72 kq) də bürünc medal uğrunda mübarizə aparıb. Lakin həlledici görüşdə məğlub olaraq turniri medalsız başa vurub.
Beləliklə, Azərbaycan millisinin hesabında hazırda 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal var.
Ayxan Cavadov (60 kq) dünya çempionu olub, Cavidan Nəhmətov (77 kq) gümüş medal qazanıb. Emin Cavadlı (55 kq), Tural Əhmədov (63 kq) və Elmin Əliyev (82 kq) isə bürünc medala sahib olublar.
U-20 dünya çempionatı avqustun 23-dək Bratislavada davam edəcək.