Bakıda “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Fontanlar Meydanı parkını Ağ Şəhər Bulvarı ilə birləşdirən müasir piyada körpüsünün tikintisi başa çatdırılıb. Obyekt ərazinin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yerüstü piyada körpüsü 8 Noyabr prospektinin üzərindən keçir. Bir aşırımlı körpünün uzunluğu 234 metr, eni isə 7 metrdən 13 metrədək dəyişir. Körpü metal konstruksiyalardan ibarətdir və troslar vasitəsilə tək dayaqlı pilona bərkidilib.
Layihə piyadaların rahatlığı və təhlükəsizliyi nəzərə alınmaqla hazırlanıb: geniş keçidlər, müasir işıqlandırma və abadlaşdırma elementləri gəzinti üçün xoş mühit yaradır. Körpüdə quraşdırılmış eskalatorlar və liftlər gələcəkdə “Ağ Şəhər” metro stansiyasına rahat çıxışı təmin edəcək.
Yeni piyada körpüsünün şəhər infrastrukturunun mühüm elementi olacağı və rayonun memarlıq görünüşünə üzvi şəkildə uyğunlaşacağı gözlənilir.