Qəbələdə Bakı Musiqi Akademiyası Üzeyir Hacıbəyli adına, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Gilan şirkətinin dəstəyi ilə təşkil olunan II Beynəlxalq Musiqi Festivalı “Qış nağılı” keçirilir. Layihə 2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının qış davamıdır.

Festival fevralın 5-də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığına həsr olunmuş konsertlə başlayıb. Konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və Azərbaycan Dövlət Simli Kvarteti çıxış ediblər.

Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin və tanınmış opera ifaçılarının iştirakı ilə festivalın rəsmi açılış mərasimi keçirilib.
Festival fevralın 8-dək davam edəcək. Proqram çərçivəsində “Bakı - Neapol: musiqi körpüsü” adlı kamera musiqisi gecəsi və İspaniyadan dəvət olunan sənətçilərin iştirakı ilə “Azərbaycan - İspaniya: iki ölkə, bir musiqi” flamenko-caz konserti təqdim olunacaq.