UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında Novruz bayramı geniş şəkildə qeyd olunub. Tədbirdə Azərbaycanla yanaşı daha 12 ölkə — Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan və Pakistan da iştirak edib.

Açılış mərasimində Tacikistanın UNESCO yanında daimi nümayəndəsi Dilşod Kamolzoda Rəhim çıxış edərək Novruzun müxtəlif xalqları birləşdirən mühüm mədəni irs nümunəsi olduğunu vurğulayıb.

Tədbirdə UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani, Fransada akkreditə olunmuş diplomatlar, diaspor nümayəndələri və digər qonaqlar da iştirak ediblər.

Rəsmi hissədən sonra ölkələr zəngin mədəni proqram təqdim ediblər: milli musiqilər səslənib, rəqslər nümayiş olunub və ənənələr tanıdılıb. Azərbaycanlı dizayner Leyla Babazadə-nin milli ornamentlərdən ilhamlanan geyim kolleksiyasının nümayişi tədbirin ən yaddaqalan məqamlarından biri olub.
Qonaqlar həmçinin müxtəlif ölkələrin milli mətbəxlərini dadmaq imkanı əldə ediblər. Azərbaycan mətbəxi dolma, plov və qutab ilə təqdim olunub.
Qeyd edək ki, Novruz 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və bu gün də baharın, yenilənmənin və xalqlar arasında birliyin rəmzi olaraq qeyd olunur.