18 may — Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycanda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı günü” keçiriləcək.
Mədəniyyət Nazirliyinin məlumatına görə, həmin gün ölkə üzrə fəaliyyət göstərən 112 muzeyə giriş bütün ziyarətçilər üçün ödənişsiz olacaq.
Təşəbbüsün məqsədi sakin və qonaqların asudə vaxtını daha maraqlı keçirməsinə şərait yaratmaq, eyni zamanda onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə daha yaxından tanış etməkdir.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə təsis olunub və muzeylərin cəmiyyət həyatındakı mühüm rolunu vurğulamaq məqsədi daşıyır.