Bilirdinizmi ki, Şamaxının yaxınlığında alimlərin hələ də tam araşdıra bilmədiyi sirli bir məkan var?
Söhbət Kələxana türbələrindən gedir. Bu unikal abidə kompleksi sufiliklə - İslamın mənəvi və mistik cərəyanı ilə əlaqələndirilir. Vaxtilə burada bir neçə türbə yerləşsə də, onların yalnız bir hissəsi bu günə qədər qorunub saxlanılıb. Ağ daşdan tikilmiş səkkizguşəli türbələr və onların hündür piramidaşəkilli günbəzləri dərhal diqqəti cəlb edir.

Kompleksin ən maraqlı xüsusiyyətlərindən biri odur ki, kitabə yalnız bir türbənin üzərində qalıb. Məhz bu yazı sayəsində tarixçilər burada dəfn olunmuş şəxslərdən birinin - Şeyx İsrafilin nəslindən olan Şeyx İbrahimin adını öyrənə biliblər. Digər türbələrdə kimlərin dəfn edildiyi isə hələ də məlum deyil.
.jpeg)
Kələxana haqqında məlumatlar əsrlər əvvəl Avropaya da çatıb. Hollandiyalı səyyah Kornelis de Brüyn buranı ziyarət etmiş və türbələrin təsvirini Şərqə səyahətlərindən bəhs edən kitabına daxil etmişdi. Beləliklə, bu sirli məkan Avropada da tanınmağa başlamışdı.

Tədqiqatçılar hesab edirlər ki, Kələxana yalnız dəfn yeri olmayıb. Ehtimal olunur ki, burada sufilərin toplaşdığı mühüm mənəvi mərkəz fəaliyyət göstərib. Son araşdırmalar isə göstərir ki, bu ərazinin tarixi əvvəllər düşünüldüyündən daha qədim ola bilər.

Bu gün Kələxana türbələri Şirvanın ən maraqlı və sirli tarixi abidələrindən biri hesab olunur. Onun sirləri hələ də araşdırılır və hər yeni tapıntı bu qədim məkanın keçmişinə bir az da işıq salır.
